El arasında belə bir deyim var: "Çətini Biləcərini keçənəcəndir".
Mən deyərdim, səyahəti sevənlər Gürcüstan sərhədini keçdilərmi, işin 50 faizi geridə qalır.
AZAL-ın baha uçuşlarından çoxları şikayətçidir. Hətta bir ara sosial şəbəkələrdə qruplar yaradıb topa da tuturdular. Nə gərək var ki? Məcbur deyilsənsə, AZAL-ı seçmə. Deyəcəksən ki, Bakıdan uçan digər hava yolları da baha aparır axı. Onda Bakıdan da uçma.
Bakıya gələn xarici hava yolları şirkətlərinə, endirim kampaniyaları etməyə icazə verilmir. Elə buna görə də səyahət sənin xəyalına çevrilib. Halbuki mütləq Bakıdan uçmalısan deyə bir qanun yoxdur.
7,5 manata da təyyarə bileti almaq mümkündür
Aeroport əvəzinə avtovağzala üz tut. 12,5 manat ödəyib Tiflisə avtobus bileti al. 500 km kənardakı Tiflis aeraportu sənə 2-3 dəfə qənaət etməyə kömək edəcək.
Gəl, müqayisə edək. Türk Hava Yollarının (THY) oktyabrın 20-nə olan Bakı-İstanbul reysi 219, Tbilisi-İstanbul reysi isə 123 avrodur.
Oktyabrın 20-də AZAL-ın Bakı Praqa uçuşunun qiyməti 338 manatdır (tək yön). Həmin gün Tiflisdən Praqaya ən ucuz uçuşu Pegasus şirkəti təklif edir: cəmi 153 avroya (təkcə gediş).
Oktyabrın 20-nə AZAL-ın Bakı-Amsterdam reysinin qiyməti 384 manatdır. Həmin gün Tiflisdən Amsterdama Pegasusla 136 avroya uça bilərsən. Misalları artırmaq da olar.
Məncə, kiçik büdcə ilə səyahət etmək onu yaxşı planlamaqdan keçir. Təyyarə, qatar, avtobus biletlərini azı 2 ay öncədən almaqla, şəhər mərkəzindən uzaq olmayan ucuz mehmanxanalarda qalmaqla səyahət sənə gündəlik həyatındakı xərclərdən ucuz başa gələcək. Məsələn, taksi sizi Elmlər Akademiyası metrosundan Sahilə azı 10 manata aparar. Ancaq Polşadan Norveçə təyyarə biletinə (4 saatlıq uçuş) 7,5 manat ödəmişdim. Amsterdamdan Kölnə sürət qatarıyla 10 avroya getmişdim. Təbii hər iki səfərimdə bileti 2 ay öncədən almışdım.
Ucuz mehmanxana və ya hostel deyimi səni qorxutmasın
Deməli, səyahəti bahalı və ya ucuz etmək insanın öz əlindədir. Biri var 5 ulduzlu otellərdə gecələyə, uçuşa 1 həftə qalmış bilet ala, 2 çemodan götürərək bir ölkədə 5-6 günlük istirahət edəsən. Biri də var 2 ay öncədən aldığın biletlə bel çantanı çiyninə atıb, öncədən rezerv etdiyin sinifləndirilməmiş (ulduzsuz) mahmanxanaları seçərək 20 günə 4-5 ölkə, 15-ə yaxın şəhər gəzəsən. İkisinin qiyməti təxminən eynidir. Seçim sənindir.
Bu arada, ulduzsuz mehmanxana deyimindən qorxma. Kifayət qədər təmiz, şəhər mərkəzinə yaxın olanları var. Hətta əksər hostellərin 2 nəfərlik otaqları da olur. Hostel deyəndə 20 nəfərlə bir otaqda qalacaqsan düşüncəsini unut.
Mən bütün saydığım qənaətləri edərək, Avropada 2 nəfərə 10 günlük səyahətə ən çox 1500 manat xərcləmişəm (Təxminən 5 ölkə, 20 şəhər gəzməklə). Bu istirahət adambaşına 750 avroya başa gəlib. Təyyarə bileti, viza rüsumu, nəqliyyat xərcləri, mehmanxana, yemək, içmək, muzeylərə getmək, hətta dost-tanışa kiçik hədiyyələr almaq da içində. Ən az xərclədiyim isə 700 manat olub (10 günə 3 ölkə, 7 şəhər gəzməklə). Burada isə adambaşına düşən xərc 350 manatdır.
Əsas məsələ gəzib-görməkdir, 5 ulduzlu mehmanxanada check-in eləmək deyil.
seyahetciblog.wordpress.com